GSM texnologiyasının liderləri bakida toplaşıblarBakı, 29 oktyabr 2008 “Azercell”in dəstəyi ilə keçirilən iclasa dünyanın 40-dan çox ölkəsindən ekspertlər qatılıb
“Azercell Telekom” MMC-nin təşəbbüsü və dəstəyi ilə Bakıda GSM Assosiasiyası tərəfindən təşkil olunan Qarşılıqlı Rouminq Ekspertler Qrupunun (QREQ) 55-ci illik iclası baş tutub. Tədbirin rəsmi açılış mərasimində ilk olaraq “Azercell Telekom” MMC-nin vitse-prezidenti Ali Ağan çıxış edərək bu mötəbər iclasa toplaşanları salamladı. Cənab Ağan bu toplantının Bakıda keçirilməsinin böyük önəm daşıdığını qeyd etdi: “QREQ toplantısının bizim ölkədə baş tutması Azərbaycan və Avrasiya regionunda bazarın təklif etdiyi dəyərləri kəşf etmək baxımından çox mühümdür. Çox sürətlə inkişaf edən bir ölkə kimi Azərbaycan həm dünyada, həm də regional platformada çox cəzbedici bir məkandır. Azərbaycan sadəcə bu regionda deyil, ümumiyyətlə bütün dünya üzrə inkişaf etməkdə olan iqtisadiyyata malik bir ölkədir. İndi həm Ümumdaxili Məhsulun artım tempi, həm də biznesin inkişafına yaradılan mühit baxımından Azərbaycan regionda lider ölkəyə çevrilib. Əminəm ki, QREQ 55 iclasının bu dəfə ölkəmizdə keçirilməsi Azərbaycanın belə bir aparıcı ölkəyə çevrilməsinin göstəricisidir”.
Ali Ağan bildirdi ki, GSM texnologiyasının inkişafının insan faktoruna əsaslanması çox böyük əhəmiyyət kəsb edir: “Mobil rabitə vasitəsilə bütün dünyada daha çox insanları bir araya gətirmək, onlar arasında yüksək ixtisaslı peşəkar kadrların bu sahəyə cəlb edilməsinin olduqca böyük əhəmiyyəti var. Ona görə də biz bu gün çox həvəslə bu toplantıya ev sahibliyini həyata keçiririk. “Azercell” olaraq Azərbaycan dəyərlərinin beynəlxalq aləmdə yayılmasına xidmət etdiyimizə, son texnologiyaları ölkəmizə gətirib abonentlərimizə təqdim etdiyimizə görə qürur duyuruq”.
İqtisadi İnkişaf Nazirinin müavini Mikayıl Cabbarov QREQ 55 iclasının iştirakçılarını salamlayandan sonra onlara Azərbaycanın iqtisadi sahədəki uğurları haqqında məlumat verdi. Onun sözlərinə görə, Azərbaycan müstəqillik dövrünə qədəm qoyandan sonra ölkəyə yerli və xarici investisiyaların axını başlayıb: “Bu illər ərzində biznesin inkişafı üçün mühüm işlər görülüb. Bu yaxınlarda Dünya Bankının "Do¬ing Bu¬si¬ness 2009” he¬sa¬ba¬tın¬da Azərbaycan bir nömrəli islahatçı kimi qiymətləndirilib. Fikrimizcə, “Azercell” şirkəti ölkədə bu sahənin yüksək səviyyədə inkişafını nümayiş etdirən bir şirkətdir”.
Azərbaycanın iqtisadi inkişaf templərinə görə, dünyada birincilərdən olduğunu deyən Mikayıl Cabbarovun sözlərinə görə, qeyri-neft sektorunun lideri olan “Azercell” şirkəti də yüksək templərlə inkişaf edir: “Biz ölkə iqtisadiyyatımızın inkişafını “Azercell”-in inkişaf templəri ilə müqayisə edirik”.
Daha sonra çıxış edən Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov qloballaşan dünyada ölkələrarası rabitənin önəmindən söz açdı: “Azərbaycanda İKT sektoru çox sürətlə inkişaf edir. Son illər bu inkişaf tempi 35-40 faizi aşmaq üzrədir. İKT sektorundan əldə olunan gəlirin 70 faizi mobil rabitənin üzərinə düşür”. Nazir müavini daha bir maraqlı faktı qonaqların diqqətinə çatdırdı: “Telefonun mövcud olduğu 127 il ərzində sabit telefonların sayı 1 milyon 600 mindirsə, 15 il ərzində mobil telefonların sayı bu rəqəmi dəfələrlə qabaqlayıb”.
İltimas Məmmədov bir neçə məsələnin iclas gündəliyinə salınmasını da xahiş etdi. Bunlardan birincisi işğal olunmuş ərazilərdə fəaliyyət göstərən mobil operatorlarla əlaqələrin qurulmaması və son vaxtlar rouminq sahəsində yaranan problemlərin həlli ilə bağlı məsələlər idi.
Milli Məclisin iqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadə bucür önəmli tədbiri təşkil etdiyi üçün “Azercell Telekom” MMC-yə təşəkkürünü bildirərək, ölkəmizin qoşulduğu transmilli layihələrdən danışdı.
Onun sözlərinə görə, Azərbaycanda sahibkarlığın inkişafına təkan verən münbit şərait yaraılıb: “Dövlətlə sahibkarlar arasında dialoq qurulub. Əgər belə olmasaydı, iri şirkətlər Azərbaycanda iş qurmazdılar, bu qədər vəsait qoymazdılar”. Ziyad Səmədzadə sahibkarlığın inkişafı üçün daim qanunvericilik bazasının da yeniləndiyini söylədi.
Toplantıya qatılan GSM Assosiasiyasının direktoru Robindra Mangtani bu iclasın Bakıda təşkil olunmasına görə “Azercell” şirkətinə təşəkkürünü bildirdi. O, QREQ-in 55-ci illik iclasına dünyanın 50-yə yaxın ölkəsindən 100-ə yaxın qonağın qatıldığını bildirdi: “Ümumilikdə, GSM Assosiasiyası bütün dünya üzrə GSM və 3G texnoloiyası ilə bağlı müzakirələr aparır. Hazırda GSMA-nın 2,2 milyard müştərisi var. Lakin biz başa düşürük ki, qazanılacaq müvəffəqiyyətin dərəcəsi mobil operatorlar, onların yerləşdiyi ölkələr və oradakı biznes qanunvericiliyinin münbit olmasından asılıdır”. Cənab Mangtani söylədi ki, bu tədbir zamanı dünyanın hər bir yerindən gələn mobil operatorlar məlumat mübadiləsi həyata keçirəcəklər.
QREQ-in rəhbəri Alfonso Della Fera da tədbirə ev sahibliyi edən “Azercell” şirkətini salamladı və onlara bu cür mühüm görüşün təşkilinə görə təşəkkür etdi. Cənab Della Fera tədbirdə müzakirə ediləcək məsələlər barədə məlumat verərək bildirdi ki, QREQ 55 iclasında yeni “zəngin rabitə məkanı” layihəsi, qlobal rouminq keyfiyyəti sənədi və mobil texnologiyanın inkişafına təkan verəcək bir sıra məsələlər müzakirə olunacaq.
Toplantının rəsmi açılış mərasimindən sonra jurnalistlər üçün mətbuat konfransı keçirildi. Qonaqlar yerli və xarici KİV nümayəndələrini maraqlandıran sualları cavablandırdılar. Bundan sonra QREQ 55 iclası işini davam etdirdi.
Konfransda şəbəkələrin uzlaşması və funksional uyğunluğu perspektivi, şəbəkələr arasında rouminq zamanı siqnalların ötürülməsi və qarşılıqlı surətdə işləməsi, SS7 əsasında qurulmuş şəbəkələrdə təhlükəsizliyə qarşı cəhdlərdən və dələduzluq hallarından qorunma, quruda ictimai mobil şəbəkələri, qurulmuş ictimai telefon şəbəkələri, vahid xidmətlər üzrə rəqəmsal şəbəkələr, rouminq üzrə Məlumat Bazasının Elektron Mübadilə imkanları - İR.21, Rouminq və 3GPP şəbəkəsinin seçim üslublarının idarə edilməsi, və s. bu kimi məsələlərlə bağlı müzakirələr aparılıb. QREQ 55 iclası sabah işini yekunlaşdıracaq.
Tədbirdən görüntülərAzercell Telekom MMC Mətbuat Xidməti |