Azərbaycan dilindəIn EnglishПо-русски

"Azercell" Qusar rayonunda 1500-cü stansiyasını abonentlərinin istifadəsinə verdi

Bakı, 26 dekabr 2008

Şirkət həmçinin Xaçmazda yeni Azercell Ekspres ofisini açdı

"Azercell Telekom" Məhdud Məsuliyyətli Cəmiyyət əhatə dairəsini genişləndirmək və mobil rabitənin keyfiyyətini artırmaq məqsədilə Qusarda yeni radio-baza stansiyasını istifadəyə verib. Eyni zamanda şirkətin Xaçmaz rayonunda yeni Azercell Ekspres ofisinin açılış mərasimi olub.

Qusarın ucqar dağ kəndi olan Əniğdə istifadəyə verilən 1500-cü stansiyanın açılış mərasimində "Azercell Telekom" MMC-nin prezidenti A.Halim Ateş, vitse-prezidenti Ali Ağan, şirkətin məsul əməkdaşları və rayon icra hakimiyyətinin nümayəndələri iştirak edib.

Əvvəlcə A.Halim Ateş çıxış edərək bildirdi ki, yeni stansiya həm "Azercell"-in əhatə dairəsini genişləndirmək, həm də ölkə rəhbərliyinin həyata keçirdiyi regionların inkişafı proqramına dəstək baxımından olduqca önəmlidir: "Bu gün "Azercell"-in rəhbərliyi olaraq hamımız bura toplaşmışıq. Bizə hər zaman dəstək olan mətbuat nümayəndələri və distribüterlərimiz də burdadır. Onların hamısına təşəkkür etmək istəyirəm. Bu səviyyədə iştirak, bu səviyyədə dəstəyə görə təmsil etdiyim şirkət adına çox xoşbəxt və qürurluyam. Bəlkə başqaları üçün bu, sadəcə dağın başında qurulmuş sadə bir stansiyanın açılışı təsiri bağışlayır. Amma bu gün şirkətimizin hər bir üzvü bunun həyəcanını yaşayır. Bu da bizim bu işi necə sevərək gördüyümüzün sübutudur. Bu həyəcanı qoruyacağımız müddətdə uğurlarımız və inkişafımız, Azərbaycan xalqına ən üst səviyyədə xidmətimiz davam edəcək. Əsas odur ki, bu həyəcanı, ətrafımızdakı bu dəstəyi itirməyək və daim birlikdə olaq. Hər zaman demişik ki, biz Azərbaycanda olmaqdan, Azərbaycana xidmət göstərməkdən qürur duyuruq. İstəyirik ki, gördüyümüz işə görə Azərbaycan da bizimlə qürur duysun. İnanıram ki, bu birlikdəlik davam etdikcə buna nail olacağıq. Birlikdə mümkün olduğu qədər daha yüksək zirvələrə çatacağıq".

Daha sonra Qusar rayon icra başçısının müavini cənab Elman Mustafayev çıxış edərək Əniğ kəndində ötürücü stansiyanın istifadəyə verilməsini keyfiyyətli rabitənin təminatı üçün həyata keçirilən önəmli addım kimi qiymətləndirdi: "Azercell" şirkəti fəaliyyətə başladığı gündən çoxsaylı nailiyyətlər əldə edib. Bu stansiyanın açılması da növbəti belə nailiyyətdir. Dəniz səviyyəssindən təxminən 1500 metr hündürlükdə olan bu ötürücü rayonun 6 kəndinə xidmət edir. Bu ötürücünün 8 min nəfər sakinimizi əhatə edəcək, onları daha dayanıqlı rabitə ilə təmin edəcək. Həmçinin mövsüm zamanı bura gələcək turistlərin rahatlığının təmin olunması baxımınan da önəmlidir. Mobil rabitə gündəlik həyatımızın bir hissəsinə çevrilib. Bu sahədə gözəl xidmət göstərdiyinizə, bizləri etibarlı rabitə xidməti ilə təmin etdiyinizə görə sakinlər adından “Azercell”-ə təşəkkürümüzü bildiririk. Yeni radio-baza stansiyası həm rabitə xidmətinin yaxşılaşması deməkdir, həm də regionların və turizmin inkişafı proqramlarının davamıdır".

Daha sonra Xaçmaz şəhərində "Azercell Telekom" MMC-nin yeni Azercell Ekspres ofisininin açılışı oldu.

Xaçmaz rayon ictimaiyyətinin, “Azercell” rəhbərliyi və mətbuat nümayəndələrinin iştirak etdiyi açılış mərasimdə iştirak edən Xaçmaz şəhər icra başçısı Şəmsəddin Xanbabayev ofisin yeni il ərəfəsində açılmasını da əlamətdar hadisə kimi qiymətləndirdi: "Azercell"-in Xaçmazda belə bir ofis açması olduqca əlamətdar hadisədir və buna görə sizin şirkətə təşəkkür edirəm. Bu hadisənin yeni il ərəfəsinə təsadüf etməsi də bizim üçün iki qat sevincdir. Arzu edərdim ki, bu istiqamətdəki fəaliyyətinizi daha da genişləndirəsiniz. Bu ofisiniz üçün kiçik bir ərazi ayrılıb. Mən əminəm ki, bir azdan tələbat o qədər artacaq ki, bu, ofis sizə bəs etməyəcək. Biz daha geniş ofis açmağınız üçün sizə torpaq sahəsi verə bilərik. Əsas odur ki, mobil rabitə sahəsində Xaçmaz sakinlərinə bu cür keyfiyyətli xidmətlər göstərəsiniz".

A.Halim Ateş isə bu dəstəyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirdi: "Bizə bu cür dəstək olmasa, uğurlarımızın davamlı olması çətinləşər. Dəstəyə görə çox sağ olun, təklifinizi düşünəcəyik və əminəm ki, qarşınıza yeni layihələrlə çıxacağıq. Xeyirli-uğurlu olsun”.

Qeyd edək ki, yeni açılan Azercell Expres ofisinin konsepsiyasının əsasını bir nöqtədə üç xidmət təşkil edir. Yəni istənilən abonent Azercell Ekspres ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. "Azercell" şirkəti tək Azərbaycanda deyil, bütün regionda "one stop shopping" adlanan bu konsepsiyanı təqdim edən ilk şirkətdir. Şirkət bundan sonra da regionlarda Azercell Ekspres ofislərinin sayını artırmaq niyyətindədir. Hövbəti belə ofislərin Qəbələ, Şəki, Zaqatala, Sumqayıt, Gəncə və digər bölgələrdə açılması nəzərdə tutulub.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim — 2002.

Digər nömrələr