Dünyanın GSM liderləri Barselonaya toplaşıbBakı, 17 fevral 2009 Aparıcı mobil operatorlar arasında “Azercell” də var
Fevralın 16-19-da Barselonada Dünya GSMA Konqresinin növbəti toplantısı keçirilir. 200 ölkədən təmsilçinin qatılacağı bu beynəlxalq konfransda Azərbaycanı “Azercell” şirkətinin nümayəndə heyəti təmsil edir.
Dünya GSMA Mobil Konqresi (GSMA Mobile World Congress) informasiya kommunikasiya texnologiyaları aləmi üçün çox böyük əhəmiyyət kəsb edir. Məhz bu tədbirdə mobil dünyanın gələcəyi müəyyən olunur. 2009-cu ildə baş tutacaq konqresin ötən ilkinə nisbətən daha iri miqyaslı olacağı gözlənilir. Çünki bu il mobil texnologiyalar sahəsində öz məhsullarını nümayiş etdirmək istəyən şirkətlərin sayı əhəmiyyətli dərəcədə artıb. Belə ki, konqresin işində 50 mindən çox nümayəndənin iştirak edəcəyi gözlənilir.
Konfransda mobil texnologiya aləminin nəhəngləri – “AT&T”, “Microsoft”, “Nokia”, “Telefonica”, “TeliaSonera” şirkətlərinin rəhbərləri ilə yanaşı “Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan da iştirak edir. Bununla da “Azercell” artıq üçüncü dəfədir ki, GSMA Konqresində iştirak edir.
Barselonaya səfəri zamanı yeni təyin olunmuş “Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan mobil rabitə dünyasının bir sıra nəhənglərinin rəhbərləri, o cümlədən GSM Assosiasiyasının rəhbəri Rob Konveylə görüşlər keçirəcəkdir.
GSMA 2009 Konqresində həmçinin məşhur Hollivud aktyor və rejissoru Kevin Speysidə iştirak edir və o, yeni yaranmaqda olan “mofilm” - mobil telefonlarla çəkilən filmlər sənayesi barədə çıxış edəcək.
Konqres zamanı aparıcı şirkət rəhbərləri tədbir iştirakçıları üçün müxtəlif mövzularda seminarlar keçirəcəklər. Müzakirə ediləcək məsələlər sırasında mobil innovasiyalar və ekoloji sistem, mobil texnologiyada inkişafın tətbiqinin gücləndirilməsi, qlobal maliyyə böhranının mobil operatorlara təsiri, mobil dünya və biznes aləmi, lokal baza stansiyalar üçün düzgün strategiyanın formalaşdırılması, mesajların gələcəyi və s. kimi müxtəlif mövzuları göstərmək olar.
Konqresin məqsədi mobil telefon və simsiz rabitədə xidmət işinin qloballaşmasına nail olmaq, operator və mobil avadanlıq təchizatçıları üçün yeni imkanlar açılmasını, milli sərhədlər və mili şəbəkələri aşıb keçən mobil rabitənin gücləndirilməsini təmin etməkdir. Hazırda GSM Assosiasiyasının üzvlərinin 2 milyarddan çox abonenti var. Ümumilikdə Dünya GSMA Konqresi müxtəlif seminar və forumlarla yanaşı, mobil industriyanın ən iri sərgisini də özündə birləşdirir. Burada dünyanın aparıcı mobil operatorları və müxtəlif avadanlıq təklif edən lider şirkətləri iştirak edirlər. Bu il konqres sərgisinə qatılacaq qurumlar sırasında Ericsson, Yahoo!, Motorola, MySpace, Vodafone və s. şirkətləri göstərmək olar. 200-dən çox mütəxəssisin çıxış edəcəyi bu tədbiri 2000-dən artıq media nümayəndəsi, o cümlədən “Azercell”-in dəstəyi ilə Barselonaya gedəcək azərbaycanlı jurnalistlər də işıqlandıracaq.
Azercell Telekom MMC Mətbuat Xidməti |