Bakı, 16 dekabr 2009 Mobil Diş Klinikası Azərbaycanın bütün uşaq evlərini gəzəcək
“Azercell Telekom” MMC-nin yaranmasından 13 il keçir. Dekabrın 15-də ad gününü qeyd edən şirkət hədiyyə almaqdansa, həmişə dəyər verdiyi uşaqlara hədiyyə hazırlayıb. Belə ki, bu gündən etibarən “Azercell”in təşəbbüsü ilə uşaqlara xidmət göstərəcək Mobil Diş Klinikası fəaliyyətə başlayıb.
Mobil klinikanın açılış mərasimində “Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan çıxış edərək şirkətin sosial məsuliyyət layihələrinə verdiyi önəmdən danışdı. Bu günlərdə “Barama” layihəsinin ofisinin açılışı olduğunu xatırladan cənab Ağan növbəti ildən Gəncədə iri sosial proyektlərə start veriləcəyini dedi.
Ali Ağan bildirdi ki, “Azercell” fəaliyyətə başladığı ilk gündən uşaqlarla bağlı layihələrə diqqət yetirib: “Biz qürur dolu bir 13 ili geridə buraxdıq. Bilirsiniz ki, elə yarandığımız ildən - artıq 13 ildir “Ümid yeri” uşaq evinə yardım göstəririk. Lakin biz yalnız körpələrə yemək aparmaqla kifayətlənmirik, onların təhsili, sağlamlığını da nəzərdən qaçırmırıq”.
Şirkət prezidentinin sözlərinə görə, yeni yaradılan Mobil Diş Klinikası da məhz uşaqların, xüsusilə də uşaq evlərində olan, himayəsiz körpələrin sağlamlığının qorunmasına yönəlib. Ali Ağan söylədi ki, bu klinika ilk olaraq “Ümid yeri”, sonra isə Bakının və regionlardakı digər uşaq evlərində xidmət göstərəcək: “Məlumdur ki, erkən yaşlarda diş problemləri çox ciddi xəstəliklərə yol aça bilər. Ona görə də Mobil Diş Klinikası bütövlükdə Azərbaycan xalqının, Azərbaycan uşaqlarının xidmətində olacaq və davamlı olaraq fəaliyyət göstərəcək”.
“Azercell Telekom” MMC bu klinikanın yaradılması layihəsini “Üfüq” Xeyriyyə Cəmiyyəti ilə birlikdə həyata keçirib. Cəmiyyətin sədri Akif Əhmədov klinikanın açılmasının onlar üçün 3 qat bayram olduğunu vurğuladı. Dediyinə görə, dekabr ayında “Azercell”lə yanaşı, həm də “Üfüq” cəmiyyəti ad gününü qeyd edir. “Azercell”i sosial məsuliyyətli layihələrə önəm verən ən ciddi qurum adlandıran A. Əhmədov bu klinikanın yaradılmasını da çox yüksək qiymətləndirdi. Onun sözlərinə görə, 2002-ci ildə aparılan araşdırmalar uşaq müəssisələrində məhz diş xəstəlikləri ilə bağlı ciddi problemlər yaşandığını ortaya qoyub: “Azərbaycandakı uşaq evlərinin 90 faizində stomatoloji kabinet yoxdur. Halbuki, süd dişləri tökülənə qədər uşaqların dişləri ciddi həkim nəzarəti altında olmalıdır”. A. Əhmədov “Azercell”in həyata keçirdiyi sosial layihələrin respublikadakı bir çox məsələlərin həllinə yardımçı olduğunu vurğuladı və bu cür proyektlərin reallaşmasına verdiyi dəstəyə görə şirkətə təşəkkürünü bildirdi.
Sonra Ali Ağan qonaqlarla birlikdə klinika ilə tanış oldu. İri avtomobildə yaradılan klinika ən müasir tibbi avadanlıqla təchiz olunub. Bu təkərli klinikanın Azərbaycanın istənilən bölgəsinə səfər etmək imkanı var. Cənab Ağana məlumat verildi ki, səyyar klinikada növbə ilə 6 həkim işləyəcək. Xüsusi diqqət içməli su və yodlaşdırılmış duzla bağlı problemli bölgələr – Şəki və Qaxa üz tutacaq. Respublika üzrə bütün uşaq evlərini gəzəndən sonra Mobil Diş Klinika bölgələrdəki aztəminatlı ailələrin də köməyinə yetəcək.
Qeyd edək ki, Mobil Diş Klinikasının yaradılması ideyası Azərbaycanın lider mobil operatoru “Azercell”dən gəlib. Həkimləri hər kəsin qapısına aparacaq bu klinikanın fəaliyyəti, onun dizaynı, avadanlığı, iş rejimi barədə bütün məsələlərə “Üfüq” Xeyriyyə Cəmiyyəti ilə birlikdə qərar verilib. “Azercell”in ideyası və dəstəyi əsasında yaradılan bu klinikanın fəaliyyət müddətində məhdudiyyət qoyulmayıb.
Azercell Telekom MMC Mətbuat Xidməti |