“Azercell Telekom” MMC-nin prezidenti beynəlxalq mükafat alıb
Bakı, 07 aprel 2010
Avropa Biznes Assambleyası Ali Ağanı “İlin meneceri” elan edib
Azərbaycanı bütün dünyada qürurla təmsil edən “Azercell Telekom” MMC-nin nailiyyətləri beynəlxalq aləmin diqqətindən yayınmır. Bu yaxınlarda “Azercell Telekom” Avropa üzrə “Ən qabaqcıl telekommunikasiya şirkəti” adına layiq görülüb. Avropa Biznes Assambleyasının (EBA, Böyük Britaniya) təsis etdiyi bu nüfuzlu mükafat “Liderlərin Oksford Sammiti”ndə təqdim olunub.
Elə həmin təşkilat tərəfindən “Azercell Telekom” MMC-nin rəhbərliyinin fəaliyyəti də yüksək qiymətləndirilib. Şirkətin prezidenti Ali Ağan “İlin meneceri” adına layiq görülüb. Cənab Ali Ağana Assambleya adından medal təqdim olunub. Təqdimat mərasimi 14-17 mart tarixlərində Oksford şəhərində baş tutub. Ali Ağana diplomla yanaşı üzərində Sokratın əksi olan, Svarovski qaşları ilə bəzədilmiş və qızıl suyuna çəkilmiş medal təqdim edilib.
Sosial tərəfdaşlıq üzrə beynəlxalq korporasiya olan Avropa Biznes Assambleyası mütəmadi olaraq müxtəlif ölkələrdə beynəlxalq forumlar, işgüzar görüşlər və sərgilər təşkil edir. Assambleya statistik göstəricilər, reytinq və PR agentliklərinin nəticələrinə əsasən Avropada sürətlə inkişaf edən effektiv şirkətlərin adlarını müəyyənləşdirir.
EBA “İlin meneceri” ilə yanaşı bir sıra digər beynəlxalq mükafatlar, o cümlədən “Avropa keyfiyyəti”, “Avropanın ən yaxşı müəssisəsi”, “Birləşmiş Avropa” kimi tanınmış mükafatların təsisçisidir. Bu qurum həmçinin “XXI əsrin liderləri” beynəlxalq imic proqramını həyata keçirir. Assambleya tanınmış iş adamları, sahibkarlar, elm dahiləri və istedadlı insanların işini dəyərləndirir. EBA həmçinin uğurlu və stabil şirkətlər, ictimai təşkilatlar, yüksək səviyyəli məhsul və xidmət təklif edən müəssisələrin fəlaiyyətinə qiymət verir.
Avropa Biznes Assambleyasının mükafatını alan şirkətlər və iş adamları dünya biznes elitasının nümayəndələri sayılır. Belə bir qurumun “Azercell Telekom” MMC-yə diqqət ayırması, “İlin ən yaxşı telekommunikasiya şirkət” və “İlin meneceri” kimi mükafatlara layiq görməsi “Azercell”in uğurlarının artıq ölkə sərhədlərini aşmasının göstəricisidir.

