“Ümid Yeri” – ümidlərin doğrulduğu yerSovet Sosialist Respublikaları İttifaqı (SSRİ) parçalandıqdan sonra Azərbaycanın siyasi, iqtisadi və sosial həyatında bir təlatüm yaşanırdı: sosial həyatda tənəzzül dərinləşir, işsizlik, dövlətin bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, eyni zamanda, yeni dövrün tələblərinə uyğunlaşa bilməyən insanların mənəvi sarsıntıları bir sıra ciddi problemlər doğururdu.
Azərbaycanda, xüsusilə paytaxt Bakı şəhərində, bəzi kimsəsiz və valideyn himayəsindən məhrum olmuş azyaşlı, yeniyetmə uşaqların dilənçilik etmələri, hətta küçələrdə gecələmələri, artıq həyəcan təbilinin çalınması üçün zəmin yaradırdı. Yeni problem yeni yanaşma tələb edirdi. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmış “Ümid Yeri” Xeyriyyə Cəmiyyəti Bakının küçələrində yaşamaq məcburiyyətində qalmış, isti yeməyə, təmiz geyimə, rahat yatağa möhtac uşaqlar üçün “Sığınacaq Evi” təsis etmək təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüsü ilk olaraq, “Azercell Telekom” Birgə Müəssisəsi dəstəklədi.Bununla da şirkət Azərbaycanda tarixi bir missiyanın icraçısına çevrildi.
Əvvəlcə “Ümid Yeri” Uşaq Sığınacağı üçün ayrılmış bina əsaslı şəkildə təmir edildi. Burada şirkətimizin maddi dəstəyi ilə uşaqlar üçün hər cür şərait yaradıldı – rahat çarpayılar quraşdırıldı, mətbəx mebeli və avadanlıqlar alındı.
Elə indinin özündə də “Ümid yeri” Uşaq Sığınacağında yaşayan uşaqların bütün ehtiyacları bizim davamlı şəkildə göstərdiyimiz maddi yardımlarla ödənilir. Ötən 10 ildə şirkətimiz burada təlim-tərbiyə alan evsiz, baxımsız və valideyn himayəsindən məhrum olmuş 800-dən çox uşağın yenidən normal həyata qayıtmasına ardıcıl olaraq maddi və mənəvi dəstək verib.
Biz həm də əlamətdar günlərdə, bayramlarda himayəmiz altına aldığımız uşaqları hədiyyələrlə sevindirmək ənənəsinə sadiq qalırıq. Məhz şirkətimizin dəstəyinə söykənən “Ümid yeri” Cəmiyyəti yetim, kimsəsiz uşaqlara münasibətdə formalaşmış stereotipləri qıraraq, istedadlı uşaqların seçilməsini və onların ölkənin ən nüfuzlu məktəblərində təhsil almalarını təmin edir.
|