Cəmiyyətin verdiyi dəyər ən böyük mükafatımızdır “Azercell Telekom” MMC-nin son illər bir-birinin ardınca əldə etdiyi uğurlar, Azərbaycan iqtisadiyyatına qoyduğu sərmayələr, ölkə mədəniyyəti və incəsənətinə, idmanına, təhsilinə verdiyi dəstək, eləcə də xeyriyyəçilik fəaliyyəti ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Buna şirkətin layiq görüldüyü saysız mükafat və diplomlar da dəlalət edir. “Azercell” 2003-2006-ci illərdə “Uğur” mükafatının “İlin şirkəti”, “İlin xeyriyyəçisi”, “Top menecer”, “İlin layihəsi”, "İlin Milli Brendi" nominasiyalarında birincilik qazanıb. Qeyd edək ki, “Uğur” Milli Mükafatı Azərbaycanda biznesin və sahibkarlığın inkişafına daha çox töhfələr vermiş şəxslərə, təşkilat rəhbərlərinə, tərəqqipərvər və novator şirkətlərə, orijinal layihə müəlliflərinə təqdim olunur. Şirkətimiz eyni zamanda, “İlin mesenatı” nominasiyasında “Qrand” mükafatına da layiq görülüb.
Azərbaycanın mobil bazarının aparıcı şirkəti 2004, 2005, 2006-cı illərdə "ITMagazine" jurnalının "İntellekt" mükafatının sahibi oldu. Operator bu mükafatı 2004-cü ildə "GəncSim" tarif paketinə, 2005-ci ildə isə EDGE texnologiyasının tətbiqinə, 2006-cı ildə isə fərdi informasiya vasitəsi olan "Simurq" xidmətinə görə alıb.
"2006-cı və 2007-ci illərdə isə mükafatlarımızın siyahısına daha bir neçəsi əlavə olundu: “Caspian Energy” Beynəlxalq Analitik Jurnalı tərəfindən təsis edilmiş “Caspian Energy Integration Award” mükafatı 2006-cı ildə, “İlin GSM Şirkəti”,2007-ci ildə isə “İlin GSM Şirkəti” və "İlin xeyriyyeçisi" nominasiyasında “Azercell”in oldu.
Vergilər Nazirliyi isə şirkətimizi “TUSİAB”a üzv şirkətlər arasında ən intizamlı və ən böyük vergi ödəyicisi olduğuna görə mükafatla təltif edib. Bundan başqa, “Consulting and Business” jurnalı “Azercell Telekom” BM-ni “Telekommunkasiya” və “Korporativ Sosial Məsuliyyət” nominasiyalarında “İlin Şirkəti” elan etdi.
Azərbaycanın qələm əhli ilə də sıx təmasda olan “Azercell Telekom”, artıq bir neçə ildir, “Media açarı” mükafatını dəstəkləyir. Dəfələrlə jurnalistlərin dostu seçilən şirkətimiz dördüncü hakimiyyət nümayəndələrini GSM sektorunun xüsusiyyətləri ilə yaxından tanış etmək üçün xarici mütəxəssislərin iştirakı ilə müntəzəm olaraq “Telekommunikasiya seminarları” keçirir. Belə ki, “Azercell” və “Eriksson” şirkətlərinin mütəxəssislərinin iştirakı ilə 2006-cı ilin fevral ayında “Excelsior” mehmanxanasında iki günlük seminar təşkil edilib. Seminarın məqsədi mobil rabitə mövzusunda yazan media nümayəndələrinin peşə səviyyəsinin artırılması olub. 2006-cı ilin may ayında isə “Azercell Telekom” BM öz qapılarını media mənsublarına açıb. 25 nəfər media işçisi operatorun express və baş ofisində olub. Media mənsubları “Azercell”in iş prinsipləri ilə geniş məlumatlandırılıb.
2007-ci ildə Zərdabi Mətbuat Mərkəzinin 1000 jurnalist arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, “Azercell Telekom” BM ən şəffaf şirkət seçilərək “Azad İnformasiya Məkanı” mükafatına layiq görülüb. Zərdabi Mətbuat Mərkəzi Azərbaycanda ilk mənbədən informasiya alınmasıyla baglı vəziyyəti, problemləri və tendensiyaları öyrənmək məqsədilə, 2006-2010-cu illəri əhatə edən proqram həyata keçirir. Proqramın tərkib hissəsi olaraq, 2006-cı ildəki fəaliyyətlərinə görə dövlət qurumları, birgə müəssisələr və səhmdar cəmiyyətlər, beynəlxalq təşkilatlar və xarici ölkə səfirlikləri arasında ən şəffaf təşkilatlar müəyyən edilib. Sorğuda 1000 jurnalist, redaktor və ekspert iştirak edib. Sorğunun nəticələrinə əsasən, dövlət qurumları içərisində Xarici İşlər Nazirliyi, beynəlxalq təşkilatlar arasında ATƏT-in Bakı ofisi, xarici ölkə səfirliklərindən ABŞ səfirliyi, birgə müəssisələr və səhmdar cəmiyyətlər içərisində isə “Azercell Telekom” BM “Azad İnformasiya Məkanı” mükafatına layiq görülüb.
|