“Gənclərin dostu” mükafatı
“Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan gənclərin sosial problemlərinin həllindəki fəaliyyətinə görə “Gənclərin dostu” seçildi
“Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan Azərbaycan Respublikası Gənclər Mərkəzi tərəfindən “Gənclərin dostu” adına layiq görülüb. Mükafat “Regionların sosial-iqtisadi inkişafına dair” prezident fərmanının 5 illiyi ilə əlaqədar çap edilən “5 ilin nailiyyətləri gənclərin gözü ilə” kitabının təqdimat mərasimində baş tutub.
Mərasimində çıxış edən Azercell şirkətinin korporativ ünsiyyət və sosial məsuliyyət bölümünün rəhbəri Ülviyyə Həsənzadə şirkət prezidentinin bu ada layiq görülməsinə görə Gənclər Mərkəzinə təşəkkürünü bildirib. Ülviyyə xanım bildirib ki, “Azercell” daim uşaq və gənclərin problemlərinə yardım göstərə biləcək layihələri dəstəkləyib. Bunlar sırasında Heydər Əliyev Fondu ilə və UNİCEF-lə birlikdə keçirilən “Hər Uşağın Ailəyə Ehtiyacı Var” kampaniyası çərçivəsində baş tutan Milli konfransı, Mobil Diş Klinikasının açılmasını, British Council-la birlikdə orta peşə məktəblərinin şagirdləri arasında keçirilən Skills@Work müsabiqəsini qeyd edib. Həmçinin, “Azercell” xüsusilə gənclərimizə yönələn GəncSim tarif paketi, MaksimumGənc proqramı, qəbul imtahanlarının nəticələrini gözləyənlər üçün İmtahanCell kimi xidmətləri təqdim etmişdir.
Bundan savayı, şirkət artıq cari ildə də uşaqların rifahına və onların hərtərəfli inkişafına yönələn daha vacib bir layihəyə start verildiyini də tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Uşaq Hüquqları Üzrə QHT-ın Alyansı, Təhsil Nazirliyi, UNICEF-lə birgə yaradılan Uşaq Qaynar Xətti hər hansı problemi olan uşaqların müraciəti üçün açıqdır. Qaynar xətdə çalışan gənc, peşəkar mütəxəssislər çətinliyə düşən və stress vəziyyətində olan uşaqları açıq söhbətə çəkərək onların problemini ətraflı öyrənəcək, müxtəlif vasitələrlə kömək etməyə çalışacaqlar”.
Çıxışının sonunda “Azercell”in nümayəndəsi təmsil etdiyi qurumun həmişə böyük məmnuniyyətlə həm dövlət, həm qeyri-hökumət təşkilatları, beynəlxalq qurum və KİV-lərlə sıx əməkdaşlıq şəraitində işləyəcəyini, xalqımızın firavan yaşaması naminə çalışacaqlarını qeyd edib.
Qeyd edək ki, “Gənclərin dostu” mükafatı Azərbaycan iqtisadiyyatının inkişafında, gənclərin sosial problemlərinin həll olunmasında, ictimai və sosial layihələrin həyata keçirilməsində göstərdiyi diqqət və qayğıya görə “Azercell Telekom” MMC-nin prezidenti Ali Ağana təqdim olunub. Mükafat 2007-ci ildə AR Gənclər Mərkəzi tərəfindən təsis olunub. Təşkilat komitəsinin qərarı və keçirilən sorğu nəticəsində mükafat hər il müxtəlif sahələr üzrə fəaliyyət göstərən, əhalinin sosial rifah halının yaxşılaşdırılması, xeyriyyəçilik, ictimai-siyasi xidmətlər üzrə müəyyənləşdirilmiş nominasiyalar üzrə təqdim olunur.






